M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Kamera Musiqisi Axşamı" adlı möhtəşəm konsert proqramı təqdim olundu. Yüksək bədii səviyyəsi və seçilmiş repertuarı ilə seçilən bu musiqi gecəsi dinləyicilərin yaddaşında dərin iz buraxdı.
Konsertin birinci hissəsində mahir pianoçu Murad Adıgözəlzadə Azərbaycan Dövlət Simli Kvarteti ilə birgə Robert Schumann'ın Piano kvintetini (Es-dur, op. 44) ifa etdi. Kvartetin üzvləri - Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel) - piano ilə mükəmməl ansambl vəhdəti yaradaraq əsərin romantik lirikasını, dramatik gərginliyini və emosional dərinliyini incəliklə dinləyicilərə təqdim etdilər. İfa o qədər bütöv və ahəngdar səslənirdi ki, sanki bütün musiqi materialı tək bir ifaçının nəfəsi ilə canlanırdı.
Axşamın ikinci hissəsində isə Azərbaycanın görkəmli pianoçusu Fərhad Bədəlbəyli Simli Kvartetlə birgə Johannes Brahms'ın Piano kvintetini (f-moll, op. 34) səsləndirdi. Dərin fəlsəfi məzmunu və mürəkkəb dramaturgiyası ilə seçilən bu monumental əsərin yüksək peşəkarlıqla təqdimatı dinləyicilərə zəngin estetik zövq yaşatdı. İfaçıların virtuozluğu və musiqi mətninə emosional, həssas münasibəti konsertin kulminasiya nöqtəsinə çevrildi.
"Kamera Musiqisi Axşamı" konserti bir daha sübut etdi ki, Azərbaycan musiqi mühiti yüksək səviyyəli ansambl ifaları və musiqi tarixinin dəyərli nümunələrinin peşəkar təqdimatı ilə zəngindir. Gecə uzun sürən alqışlar və dinləyicilərin böyük rəğbəti ilə yadda qaldı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.A