Dəvə qutabının tərkibi nədir? - AÇIQLAMA

29 Dekabr 2025 15:46

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bir sıra restoran və kafelərdə apardığı yoxlamalar zamanı "dəvə qutabı" adı ilə satılan məhsullarla bağlı şübhəli məqamlar aşkarlanıb.

Milli.Az xəbər verir ki, agentliyin məlumatına əsasən, bu qidaların hazırlanmasında istifadə olunan ətin mənşəyini və təhlükəsizliyini təsdiqləyən heç bir rəsmi sənəd təqdim olunmayıb ki, bu da istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.

Məsələ ictimaiyyətdə suallar doğurub: restoranlarda təqdim edilən "dəvə qutabı" üçün dəvə əti haradan əldə olunur və ümumiyyətlə, ölkədə bu qədər dəvə mövcuddurmu?

Qida sahəsi üzrə mütəxəssis İsa Əliyev bildirib ki, bəzi hallarda dəvə ətinə bənzətmək üçün mal ətinə şəkər tozu, qida boyaları, piy və bitki yağı qatılır. Onun sözlərinə görə, bu cür müdaxilələr ətin keyfiyyətini aşağı salır və insan sağlamlığı üçün risk yaradır.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, Azərbaycanda dəvəçilik geniş inkişaf etmədiyindən dəvə ətinin bazardakı payı demək olar ki, yoxdur. Bu da "dəvə qutabı" adı altında satılan məhsulların etibarlılığına ciddi şübhə yaradır.

Asya
Milli.Az