ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti 2 dəfə artırılır

29 Dekabr 2025 14:07

ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti nağdsız hesablaşmalara münasibətdə 2 dəfə artırılacaq.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir.

Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.

ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.

Məcburi qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduqda - növbəti ayın birinci günündə;
bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200 min manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək;
aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə.
Qanun layihəsində, ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limitinin artırılması (200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılaraq 400 min manata çatdırılması) təklif edilir.

Bildirilib ki, aparılan sosial-iqtisadi islahatların əsas hədəflərindən biri nağdsız hesablaşmaların xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Bunun nəticəsidir ki, son illərdə iqtisadiyyatda nağdsız əməliyyatların xüsusi çəkisində əhəmiyyətli artımlar baş verib. Bu sahədə aparılan islahatların davamı kimi nağdsız əməliyyatların sitmullaşdırılması məqsədilə ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limitinin nağdsız hesablaşmalara münasibətdə artırılması təklif olunur.

Belə ki, Vergi Məcəlləsinə əsasən ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduqda vergi ödəyicisinin ƏDV qeydiyyatına durmaq öhdəliyi yaranır. Nağdsız ödənişlərin həcminin daha da artırılması məqsədilə ƏDV qeydiyyat öhdəliyi yaradan 200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması təklif edilir.

Bununla da, ƏDV qeydiyyat həddi maksimum 400 min manata çatdırılmaqla dövriyyənin nağdsız formalaşması stimullaşdırılır.

Milli.Az