Moskvaya yaxın ərazidə ağır insident baş verib.
Milli.Az xəbər verir ki, Rusiyanın futbol üzrə U-18 yığmasının sabiq üzvü, peşəkar futbolçu Layanel Adams (Lionel Adams) hücuma məruz qalıb.
Məlumata görə, hadisə Moskva vilayətində, Moskovskaya küçəsində yerləşən "DenNoç" adlı bufetdə qeydə alınıb.
Adams dostları ilə birlikdə istirahət edərkən təxminən 10 nəfərlik bir qrup onlara yaxınlaşıb. Mübahisə milli zəmində təhqirlərlə başlayıb.
Qısa müddət sonra qarşıdurma fiziki zorakılığa keçib. Hücum edənlərdən biri odlu silahdan istifadə edib, daha sonra digər şəxslər futbolçunu amansızcasına döyüblər.
Layanel Adams güllə yarası və ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar.
Qeyd edək ki, Adams karyerası ərzində Moskva CSKA-nın gənclər komandasında, Krasnoyarskın "Yenisey" klubunda, Naberejnıye Çelnı təmsilçisi "KAMAZ"da, eləcə də Qazaxıstan, Belarus və İspaniya klublarında çıxış edib
O, eyni zamanda Rusiyanın 18 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. (musavat.com)
Milli.Az