Gürcüstanın sabiq müdafiə naziri həbs olundu

27 Dekabr 2025 17:17

Tbilisi məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baçane Axalayanın barəsində həbs qətimkan tədbiri seçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Gürcüstan Prokurorluğu Axalayanın ölkəni tərk etmək və istintaqın gedişini pozmaq ehtimalını nəzərə alaraq, araşdırma dövründə onun həbsdə saxlanılmasını istəyib.

İstintaq orqanının məlumatına görə, sabiq nazir 2025-ci il oktyabrın 4-də keçirilən bələdiyyə seçkiləri zamanı qrup halında cinayət əməllərinin təşkilində və ona rəhbərlik etməkdə təqsirləndirilir.

Bildirilir ki, o, hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar edib. Eləcə də Gürcüstanın Prezident Administrasiyasının binasını ələ keçirmək cəhdinin təşkilatçısı olub.

Xəbərdə qeyd edilir ki, keçmiş naziri ittiham olunduğu maddələr üzrə 9 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az