Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, 29 may 2025-ci il tarixində Agentliyin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Lakin sonradan pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətinin qanunsuz olaraq yenidən bərpa etməsi barədə daxil olmuş məlumata əsasən Agentliyin müfəttişləri tərəfindən həmin ünvanda növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb.
Nəticədə, nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müfəttişləri tərəfindən məntəqə sahibi üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub. Eyni zamanda, aşkar edilmiş pozuntuların göstərilən müddət ərzində aradan qaldırılmadığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı sahibkara xəbərdarlıq edilib.
Milli.Az