Azərbaycanın zəngin biomüxtəlifliyinə və nadir fauna növlərinin qorunmasına həsr olunmuş "Nadir incilər - ipəklə gümüşün harmoniyası" adlı layihənin təqdimatı keçirilib.
Milli.Az xəbər verir ki, tədbir "AzerGold" QSC və "Azərxalça" ASC-nin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb və milli-mədəni irsin, ekoloji dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, layihənin əsas məqsədi yerli xammal əsasında hazırlanmış yüksək estetik və simvolik dəyərə malik məhsullar vasitəsilə həm "Made in Azerbaijan" brendinin təşviqi, həm də nəsli kəsilmək təhlükəsi altında olan canlılara diqqətin artırılmasıdır. Qeyd edilib ki, "AzerGold" yalnız qızıl və gümüş hasilatı ilə deyil, eyni zamanda bu resursların əlavə dəyər yaradan son məhsula çevrilməsi istiqamətində uğurlu təşəbbüslərlə çıxış edir.
Vurğulanıb ki, 2019-cu ildən etibarən istehsalına başlanılan qızıl və gümüş sikkə və külçələr milli irsi əks etdirən məhsullar kimi daxili bazarda böyük maraq doğurub. Bu günədək 13 qızıl və 9 gümüş kolleksiya kütləvi istehsal olunub, nəticədə ölkə iqtisadiyyatına on milyonlarla manat vəsait cəlb edilib. 2023-cü ildən etibarən isə numizmatika sahəsində innovativ hesab edilən "smartminting" texnologiyasının tətbiqi ilə mürəkkəb dizayna malik üçölçülü sikkələrin istehsalına başlanılıb.
Zakir İbrahimov çıxışında ekoloji məsuliyyətin "AzerGold"un fəaliyyətində əsas prioritetlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, şirkət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təbii resursların məsuliyyətli idarə olunmasını təmin edir, hasilat bölgələrində ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması və nadir flora və fauna növlərinin mühafizəsi istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu layihələr sırasında "Qırmızı Kitab"a daxil edilmiş bitki və heyvan növlərinin artırılması və reintroduksiyası xüsusi yer tutur.
Təqdim olunan sikkələr üzərində təsvir edilən "Ceyran", "Qafqaz bəbiri" və "Bezoar keçisi"nin seçiminin təsadüfi olmadığı bildirilib. Qeyd olunub ki, bu fauna növləri həm Azərbaycanın "Qırmızı Kitabı"na, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilmək təhlükəsi olan canlılar siyahısına daxildir və azadlıq, güc, cəsarət kimi dəyərləri simvolizə edir.
Layihə çərçivəsində təqdim edilən "smartminting" texnologiyası ilə zərb olunmuş gümüş sikkələr və ipək-yun qarışığından toxunmuş xalçalar "AzerGold" və "Azərxalça"nın ekoloji çağırışlara verdiyi ortaq mesaj kimi dəyərləndirilib. Bu təşəbbüsün cəmiyyətin ekoloji düşüncəsinin formalaşmasına töhfə verəcəyi vurğulanıb.
Sonda Zakir İbrahimov layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara təşəkkür edib və Azərbaycan təbiətinin qorunaraq gələcək nəsillərə dəyərli irs kimi ötürülməsinin vacibliyini qeyd edib.
Milli.Az