Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər - AÇIQLAMA

26 Dekabr 2025 17:59

Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olması insanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaq sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq yarada bilər. Bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyən həddi gözləmək məqsədəuyğundur.

Milli.Az xəbər verir ki, digər geniş yayılmış səhv müxtəlif qidaların uyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir. Zülal, karbohidrat və yağların bir-biri ilə düzgün uyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdə ağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildə seçilməlidir.

Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlük verilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklər həzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır. Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm də qidaların faydalı maddələrinin qorunmasına imkan yaradır.

Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdarda istifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonez əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi tövsiyə olunur.

Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıq baxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra su içilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır.

Aysel 
Milli.Az