Açıq təhsillə bağlı müraciətlər niyə rədd edilir? – RƏSMİ

26 Dekabr 2025 12:09

"Azərbaycan qanunvericiliyində açıq təhsil (öyrətim) forması nəzərdə tutulmadığından bu əsasla edilən müraciətlər birbaşa imtina ilə nəticələnir".

Milli.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, son illərdə xaricdə əldə olunmuş ali təhsil kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərdə müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, 2024-cü ildə müraciətlərin əsas hissəsi Rusiya Federasiyasının ali təhsil müəssisələrinin diplomları ilə bağlı olduğu halda, 2025-ci ildə Türkiyə Respublikasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üstünlük təşkil edib.

Tural Əhmədov qeyd edib ki, açıq təhsil əvvəlki illərdə diplomların tanınmasından imtinanın əsas səbəblərindən biri olsa da, 2025-ci ildə artıq beş əsas imtina səbəbi sırasında yer almır. O, bunu Agentlik tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsi ilə əlaqələndirib.

Mina Mikayılova
Milli.Az