"O tamaşaya görə xəstəxanada ürəyimdən müalicə aldım"

25 Dekabr 2025 20:18

Xalq artisti Məleykə Əsədova "Rəngarəng" verilişində qonaq olarkən səhnə həyatı və sağlamlığı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az-ın məlumatına görə, aktrisa bildirib ki, canlandırdığı obrazlar onun sağlamlığına ciddi təsir göstərib və bir müddət ürəyindən xəstəxanada müalicə almağa məcbur qalıb.

Sənətçi qeyd edib ki, ona böyük şöhrət qazandıran "Gültəkin" obrazını hər dəfə son dərəcə ürəkdən və böyük emosional gərginliklə oynayıb:

"'Gültəkin'i elə yaşayaraq canlandırırdım ki, nəticədə xəstəxanada ürəyimdən müalicə almalı oldum. Mən obrazın içində olmasam, onu tamaşaçıya sevdirə bilmərəm".

Məleykə Əsədova əlavə edib ki, əsasən ağır və mürəkkəb qadın obrazlarını canlandırır:

"Bəzən səhnədə gözüm qaralır, bədənimdə titrəmə olur, əllərim əsir. Səhnədəki obrazlar sağlamlığıma təsir edir. Amma bu belə də olmalıdır. Biz dəyişməli, başqalaşmalı və obrazı tamaşaçıya olduğu kimi təqdim etməliyik".

Aktrisa vurğulayıb ki, sənət yolunda sağlamlığını riskə atmaqdan çəkinmir:

"Biz canımızı sənət üçün qurban veririk".

Milli.Az