Sabiq nazir külli miqdarda borca düşdü - FOTO

25 Dekabr 2025 11:42

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, "İmprotex İndustries" şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcunun olduğu üzə çıxıb.

Xatırladaq ki, "İmprotex İndustries" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur.

2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb.

"Improtex" qrupu isə 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Hazırda şirkətlər qrupuna "İmprotex Trucks & Buses", "İmprotex Industries", "Improtex Motors" və "Imagro" kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə "Rolls Royce", "BMW", "MAN Truck & Bus SE", "Bobcat", "Massey Ferguson", "Hardox" və başqa bir neçə dünya nəhəngləri daxildir.

Milli.Az