Kazanda yerləşən "Bakinsky Dvorik" restoranının sahibi cərimələnib. Eyni zamanda müəssisədə aparılan yoxlamalar zamanı çoxsaylı inzibati və təhlükəsizlik pozuntuları aşkar edilib.
Milli.Az xəbər verir ki, hadisə Qvardeyskaya küçəsində yerləşən restoranda keçirilən korporativ tədbirdən sonra gündəmə gəlib.
Belə ki, tədbir zamanı qonaqlar Verka Serduçkanın (ukraynalı sənətçi Andriy Danilko) mahnıları sədaları altında rəqs ediblər. Qeyd olunur ki, sözügedən ifaçı Rusiyada ekstremistlər siyahısında yer alır.
Sözügedən video görüntülərin internetdə yayılmasından sonra prokurorluq məsələ ilə maraqlanıb. Araşdırma nəticəsində restoran sahibinə qarşı inzibati tədbir görülüb. Bundan əlavə, yoxlamalar zamanı müəssisədə təhlükəsizlik məlumat vərəqəsinin olmaması, yanğın təhlükəsizliyi qaydalarının pozulması və digər qanun pozuntuları müəyyən edilib.
Nəzarət orqanının qaldırdığı iddia əsasında məhkəmə restoranın fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb. Hazırda məhkəmə icraçıları qərarın icrası ilə məşğuldur.
Fidan
Milli.Az