Reanimasiyada yatdı, ölümdən döndü

24 Dekabr 2025 11:32

4 dekabr 2025-ci il tarixində 61 yaşlı pasiyent ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Milli.Az xəbər verir ki, aparılan zəruri müayinələrdən sonra pasiyentə ikitərəfli pnevmoniya diaqnozu qoyulub və stasionar müalicə üçün Terapiya şöbəsinə yerləşdirilib.

Bir ay müddətində müalicə aldıqdan sonra xəstə halsızlıq, təngnəfəslik, boğulma hissi və sol bud nahiyəsində ağrı şikayətləri ilə Ümumi Terapevtik Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan klinik və instrumental müayinələr nəticəsində xəstədə ikitərəfli pnevmoniya ilə yanaşı, sol bud nahiyəsində 94×33 mm ölçüdə abses müəyyən edilib. Aşkarlanmış absesə cərrahi müdaxilə edilib. Cərrahi müdaxilədən sonra xəstənin ümumi vəziyyətində stabil yaxşılaşma müşahidə olunub, ağciyərlərdə pnevmoniya prosesi sovrulub. Hazırda müalicə fonunda müsbət dinamika qeyd edilir.

Müalicə həkimləri Terapevtik Reanimasiyanın şöbə müdiri Təranə Məhərrəmova və şöbənin həkimi Zümrüd Osmanovanın göstərdikləri uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib, yaxın günlərdə palata şəraitinə köçürülməsi planlaşdırılır.

Aysel
Milli.Az