Azərbaycanda "13"lə başlayan seriya yoxdur - Xurafat avtomobil nömrələrinə də təsir edib

24 Dekabr 2025 12:10

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında 13 rəqəmindən istifadə edilmir.

Milli.Az xəbər verir ki, mövcud sistemdə 12 Biləsuvar, 14 isə Cəbrayıl rayonunun kodudur. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Milli.Az-a açıqlamasında bildirib ki, bunun yeganə səbəbi 13 rəqəminin cəmiyyətdə uğursuz hesab edilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, bu qərarın arxasında başqa hər hansı texniki və ya hüquqi əsas yoxdur.

Bəs 13 rəqəmi niyə uğursuz sayılır və bu inancın real əsası varmı?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Milli.Az-a açıqlamasında qeyd edib ki, 13 rəqəmi ilə bağlı formalaşan yanaşma sırf xurafat xarakteri daşıyır:

"Doğrudur, Azərbaycanda 13 saylı avtomobil seriyası yoxdur. Bir çox ölkələrdə sakinlər mənzillərini nömrələyərkən 13 rəqəminə təvafüq etsə ondan imtina edirlər. Hətta bəzi ölkələrdə hotellərdə 13 nömrəli otaq yoxdur. Çünki insanlar imtina edir. Bu, bir xurafi inancdır. Cürbəcür formada izah etməyə çalışırlar, lakin kökü, əsası yoxdur. İnancın özü kimi göstərilən əsaslar da qondarmadır".

İlahiyyatçı vurğulayıb ki, İslam dinində nəhs rəqəm, nəhs ay, nəhs il və ya nəhs məkan anlayışı yoxdur:

"İmam Hüseyn Kərbəlada şəhid edilib, amma insanlar həmin torpağı müqəddəs sayırlar. Bu məntiqlə yanaşsaq, oranın nəhs sayılması lazım idi. Rəqəmlər də eyni məntiqə tabedir. 13 rəqəmi uğursuz deyil".

Tural İrfan əlavə edib ki, tarixdə bir çox dahi şəxsiyyətlər ayın 13-də doğulub, dövlət üçün mühüm qərarlar həmin tarixdə qəbul olunub və ayın 13-də ailə quran insanlar digərləri kimi xoşbəxt həyat sürürlər:

"Mənim valideynlərim 1961-ci ilin may ayının 13-də evləniblər və bir ömür xoşbəxt yaşayıblar. Belə yüzlərlə nümunə göstərmək olar. Cəmiyyətdə yayılmış bir çox inanclar əsassızdır və savadlı, təhsilli insanlar bu cür xurafatlara inanmamalıdır".

Mina Mikayılova
Milli.Az