Dibi qızıl dolu çay tapıldı: İnsanlar bu bölgəyə axın edir

23 Dekabr 2025 23:49

İspaniyanın şimalındakı Asturias bölgəsi son illərdə qeyri-adi kəşflə yenidən gündəmə gəlib. Nalvegas qəsəbəsindən keçən çay təbii yollarla yaranmış qızıl yataqlarına sahibdir. Bu xüsusiyyəti ilə bölgə həm geoloji, həm də tarixi baxımdan bənzərsiz hesab olunur.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, Nalvegas çayındakı bu qiymətli metal milyonlarla il əvvəl Qərbi Asturiasda yaranmış süxurlardan qaynaqlanır. Bölgədəki qayaların tərkibində az miqdarda qızıl var. Zamanla baş verən eroziya, yağışlar və təbii aşınma nəticəsində bu qızıl hissəcikləri qoparaq çay yataqlarına daşınır.

Qızıl yüksək sıxlığa malik olduğu üçün çayın dibinə çökür və orada toplanır. Yəni Nalvegasdakı bu zənginlik təsadüfi deyil; uzunmüddətli və yavaş gedən geoloji prosesin nəticəsidir.

Asturiasdakı qızıl varlığı müasir dövrün kəşfi deyil. Bölgə hələ Roma İmparatorluğu dövründə mühüm mədənçilik mərkəzi olub. Romalı mühəndislər su kanalları və ibtidai, lakin təsirli üsullarla həm çaylardan, həm də dağ yamaclarından qızıl çıxarırdılar. Bu gün çayda tapılan qızıl qırıntıları həmin qədim fəaliyyətlərin təbii mirası sayılır.

Hazırda Nalvegasda qızıl axtarmaq iqtisadi ehtiyacdan çox, mədəni irs xarakteri daşıyır. Qəsəbədə keçirilən "Milli Qızıl Yuma Çempionatı" bu ənənəni canlı tutur. Yarış iştirakçılarına içində qızıl hissəcikləri gizlədilmiş qum verilir və onlardan xüsusi qablar (tava üsulu) vasitəsilə qızılı qumdan ayırmaq tələb olunur.

Nalvegas çayı bu gün böyük sənaye mədənçiliyinin mərkəzi olmasa da, daşıdığı məna maddi dəyərdən qat-qat üstündür. Yerli əhali üçün bu çay tarix, təbiət və kimliyin birləşdiyi bir simvoldur. Qızıl artıq dolanışıq mənbəyi deyil; keçmişlə qurulan bağın, kənd turizminin və mədəniyyətin ötürülməsi vasitəsidir.

Lalə Qüdrətova
Milli.Az