Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi riskini artırdığını müəyyən ediblər.
Milli.Az xəbər verir ki, araşdırma Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılıb. Nəticələr "Food & Function" jurnalında dərc olunub.
Tədqiqat UK Biobank layihəsinin məlumatları əsasında aparılıb. Araşdırmada 328 mindən çox insanın sağlamlıq göstəriciləri təxminən 12 il ərzində izlənilib. İştirakçıların nə qədər və hansı temperaturda çay və qəhvə içdiyi nəzərə alınıb.
Məlum olub ki, gündə 8-9 fincandan çox isti içki qəbul edən şəxslərdə mədə xərçəngi riski 54% daha yüksəkdir. Çox isti içkiləri mütəmadi içənlərdə bu risk 2 dəfədən çox artır.
Alimlər bildirir ki, nəticələr yaş, həyat tərzi və siqaret kimi faktorlar nəzərə alınandan sonra da dəyişməyib. Riskin əsas səbəbi mədə selikli qişasının uzun müddət isti içkilərlə zədələnməsi hesab olunur.
Tədqiqatçılar xərçəng riskini azaltmaq üçün çay və qəhvəni bir qədər soyuduqdan sonra içməyi tövsiyə edirlər.
İsmayıl
Milli.Az