Beynəlxalq Muğam Mərkəzində musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Xalq artisti, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Mizeyinin Qədım Musiqi Alətləri Ansamblının yaradıcısı, bədii rəhbəri (1996- 2013) Məcnun Kərimovun (1945 - 2013) -80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli çıxış edərək Məcnun Kərimovun həyat və fəaliyyətindən danışıb. Onun görkəmli tarixçilər, musiqişünaslarla birgə qədim musiqi alətlərini bərpa etmək üçün xüsusi laboratoriya yaratdığını, qədim dövr musiqiçilərimizin istifadə etdiyi alətlərimizi yenidən bərpa etdiyini diqqətə çatdırıb.
Çıxışlarda bildirilib ki, onun zəhməti nəticəsində çəng, Şirvan tamburu, çəqanə, çonqur, rübab, səntur, barbəd, qopuz və digər musiqi alətlərinə yeni həyat bəxş edilib.
Onun zəhməti nəticəsində yaradılan Qədim Musiqi Alətləri Dövlət Ansamblı nəyinki ölkəmizdə, həmçinin dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təbliğ edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızının aparıcılığı ilə keçən gecənin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblı ( bədii rəhbər, Xalq artisti Munis Şərifov), solistlər Xalq artisti Teyyub Aslanov, əməkdar artist Nuriyyə Hüseynova çıxış edib. Tədbirin Məcnun Kərimimovun yaradıcılığını əks etdirən videoslaydın nümayişi ilə başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az