Dünya şöhrətli rok və blüz ifaçısı, "The Road to Hell" və hər Milad bayramının simvoluna çevrilən "Driving Home For Christmas" mahnılarının müəllifi Kris Ri 74 yaşında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, musiqiçinin ölüm xəbərini Kris Rinin həyat yoldaşı Coan və qızları Cozefina ilə Culiya paylaşıb.
1951-ci ildə Midlsbroda doğulan Kris Ri 70-ci illərin sonunda "Fool (If You Think It's Over)" mahnısı ilə məşhurlaşıb. Lakin onun karyerasının zirvəsi 80-ci illərin sonuna təsadüf edir.
Məşhur "Milad" hiti: 1986-cı ildə yazılan və 1988-ci ildə yenidən qeydə alınan "Driving Home For Christmas" mahnısı bu gün də dünya musiqi siyahılarında (çartlarda) öz yerini qoruyur.
Kris Ri həyatı boyu ciddi sağlamlıq problemləri ilə üzləşib. O, 33 yaşında mədəaltı vəzi xərçəngi diaqnozu alıb, həmçinin tip 1 diabet və böyrək çatışmazlığından əziyyət çəkib. 2016-cı ildə insult keçirməsinə baxmayaraq, musiqi fəaliyyətini dayandırmamış, blüz köklərinə qayıdaraq yeni albomlar buraxmışdı.
Onun sonuncu orijinal albomu 2019-cu ildə çıxan "One Fine Day" olsa da, ifaçı bu ilin oktyabr ayında Milad mahnılarından ibarət xüsusi bir toplu da yayımlamışdı.
Lalə Qüdrətova
Milli.Az