Harri Keyndən rekord

22 Dekabr 2025 10:10

"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekorda sahib olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ingilis futbolçu 15-ci turda "Haydenhaym"la oyunda (4:0) fərqlənməklə çempionat tarixində ən sürətli şəkildə "qol+pas" göstəricisində 100 xala çatan oyunçu adına layiq görülüb.

Münhen klubunun rəsmi saytının yaydığı məlumata görə, Keynin Bundesliqadakı aktivində hazırda 81 qol və 19 məhsuldar ötürmə var. Bu nəticəyə çatmaq üçün ona cəmi 78 oyun kifayət edib.

Qeyd edək ki, statistik məlumatların toplanmağa başladığı 2004/2005 mövsümündən bu yana bu, ən yaxşı göstəricidir. Əvvəlki rekord "Bavariya"nın sabiq futbolçusu Arien Robbenə məxsus idi. O, 100 xala çatmaq üçün 119 oyun keçirmişdi.

Xatırladaq ki, Harri Keyn 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya transfer olunub. Cari mövsümdə hücumçu Bundesliqada 15 oyunda 19 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında 6 matçda 5 qol, Almaniya Kubokunda 5 qol, ölkə Superkubokunda isə 1 qolla yadda qalıb.

Keynin stabil və məhsuldar oyunu "Bavariya"nın həm daxili çempionatda, həm də avrokuboklarda əsas güclərindən biri olduğunu bir daha təsdiqləyir.

Tural
Milli.Az