Azərbaycanda satılan mal ətləri görünüşünə görə müzakirə mövzusu olub.
Milli.Az xəbər verir ki, bazarlarda və bəzi satış nöqtələrində rast gəlinən bu ət məhsullarının hansı ölkədən idxal edildiyi barədə məlumat verilməməsi narahatlığı daha da artırıb. Alıcılar məhsulun mənşəyi, emal prosesi və təhlükəsizliyi ilə bağlı aydın məlumatın olmamasından şikayətlənirlər.
Müzakirələrdə əsas diqqət çəkən məqamlardan biri ətin təbii kəsim formasına bənzəməməsidir. Kub şəklində təqdim olunan ətlərin sənaye üsulu ilə formalaşdırıldığı, yaxud iri həcmdə dondurularaq sonradan bölündüyü ehtimalları irəli sürülür. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu cür ətlərin klassik sümük və lif quruluşunun seçilmədiyi iddia olunur.
Digər tərəfdən, qiymətin bazar ortalamasından xeyli aşağı olması da alıcıların diqqətini çəkib. Yerli bazarda təzə mal ətinin qiyməti adətən daha yüksək olduğu üçün istehlakçılar bu məhsulun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı şübhələrini ifadə edirlər.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq.
Qurumdan Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik sosial mediada yayılan görüntüdən xəbərdardır və məsələ Agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Qeyd olunub ki, xaricdən gətirilən ətlər dövriyyəyə buraxılması üçün AQTA tərəfindən idxal sağlamlıq aktı ilə müşayiət olunur:
"İstehlakçılar ətlərlə bağlı şübhələri olduğu təqdirdə satıcıdan müşayiətedici sənədləri tələb edə bilərlər. Belə məhsulların daşınması, saxlanması, satışı, alət və avadanlıqlarin istifadəsi zamanı sanitar-gigiyenik tələblərə əməl olunmalıdır. Agentliyin qaynar xətti - 1003-dür".
Mina Mikayılova
Milli.Az