Baku TV Şamaxı rayonunun Mirikənd kəndində yaşayan ən yaşlı sakinlərdən biri - 87 yaşlı Camal Beydiyevanın evində qonaq olub.
Milli.Az xəbər verir ki, uzunömürlülüyü ilə seçilən Camal nənə həyat fəlsəfəsini və sağlam yaşamağın sirrini bölüşüb.
Onun sözlərinə görə, ailəsi kifayət qədər böyükdür: 14 nəvəsi, 17 nəticəsi var. Yaşına baxmayaraq, Camal nənə hələ də gündəlik həyatında aktivliyini qoruyub saxlayır.
"Övladlarımın dişləri tökülüb, mənim dişlərim isə hələ də yerindədir. Bunun əsas səbəbi daim hərəkətdə olmağımdır. Mən heç vaxt boş dayanmağı sevmirəm. İşsiz qalanda darıxıram. Evdə uşaqlar deyir ki, otur dincəl, amma mən razı olmuram. Hərəkət etməyəndə dincələ bilmirəm", - deyə Camal nənə bildirib.
O hesab edir ki, uzun və sağlam ömür sürməyin əsas şərti zəhmətkeşlikdir:
"İnsan gərək zirək olsun, tənbəllik etməsin, yeyib yatmaqla yaşamasın, başqasına ümid bağlamasın. Zəhmətkeş olsan, Allah da səni yaşadar. Mənə də elə zəhmətimə görə uzun ömür verib".
Milli.Az