Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsə əsasən 19 dekabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikasının Milli Məclisi Qərar qəbul edib. İkinci Qarabağ müharibəsində əldə edilən böyük Zəfərin beşinci il dönümündə belə bir mühüm hüquqi addımın atılması Dövlət Başçısının siyasi fəaliyyətinin mərkəzində humanizm, insan amili, sosial ədalət və mərhəmət prinsiplərinin dayanmasının əyani təsdiqidir.
Ümumiyyətlə Azərbaycanda cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən hüquqi siyasətə nəzər salanda məlum olur ki, ağır və xüsusilə ağır cinayət əməlləri törədən şəxslərə münasibətdə cinayət məsuliyyətinin və cəzanın qaçılmazlığının ardıcıl formada təmin olunması ilə yanaşı, dövlətimiz eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə yol vermiş şəxsəlrə, qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış şəxslərə və sair kateqoriyalara daxil olan şəxslərə münasibətdə humanist meyllərin təmin olunmasına xüsusi diqqət yetirir. Bu isə bir sıra amnistiya aktlarının və əfv fərmanlarının qəbul olunmasında özünü əyani formada birüza verir.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil olunmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamlla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Amnistiya aktına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü