“Dəyirman”ın üzvü bu qurumda yüksək vəzifədədir - FOTO

20 Dekabr 2025 13:15

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır.

Milli.Az xəbər verir ki, bununla bağlı Modern.az məlumat yayıb.

Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir.

Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqdan sonra A. Abdullayev karyerasını musiqi sahəsində davam etdirməyib. Keçmiş reper Azərbaycan Dövlət Neft və Sənayə Universitetində "Neft-qaz mühəndisi" ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.

O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Azərbaycana qayıdandan sonra isə 2011-2023-cü illərdə "SOCAR - Integrated drilling" trestində "Ümid", "Bulla-dəniz" qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.

Xatırladaq ki, "Dəyirman" hip-hop qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Qrup üzvləri Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev olub.

"Dəyirman" 1999-cu ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, ya ölüm" mahnısı ilə uğur qazanıb. Sözügedən mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmlə remiks olunub.

Milli.Az