Murat Övüç həbs edildi

20 Dekabr 2025 19:41

Türkiyədə sosial media fenomeni Murat Övüç təyyarədə çəkib paylaşdığı və başörtüsünü alçaldıcı məzmun daşıdığı iddia olunan video səbəbilə "xalqı kin və düşmənçiliyə təhrik etmə" maddəsi ilə həbs olunub.

Milli.Az xəbər verir ki, Övüç "Parsel Parsel Eylemişler Dünyayı" mahnısının müşayiəti ilə başörtülü video paylaşdıqdan sonra barəsində istintaq başladılıb. Saxlanılan fenomen polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilib. Prokurorluğun həbs tələbi ilə çıxışından sonra məhkəmə həbs qərarı verib.

Övüç saxlanılma qərarından əvvəl verdiyi açıqlamada videonun 3 il əvvəl paylaşıldığını xatırladaraq, "Allah xatirinə, bəsdirin. Artıq normal davranırıq, smokinqlə çıxırıq. İnsanlara yaxşı nümunə olmaq istəyirik. 3 il əvvəlki paylaşımı yenidən gündəmə gətirirsiniz, ayıbdır" - deyib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstintaqın gedişi ilə bağlı rəsmi açıqlamaların verilməsi gözlənilir.

Lalə Qüdrətova
Milli.Az