Yeni il süfrələrinin sevilən içkisi: Eggnog resepti

20 Dekabr 2025 00:53

Eggnog yeni il və Milad dövründə ən çox hazırlanan klassik qış içkilərindən biridir. Tərkibində süd, yumurta sarısı, şəkər və müxtəlif ədviyyatlar olan bu içki ətirli dadı ilə seçilir. Eggnog həm isti qış içkisi, həm də bayram ab-havasını tamamlayan ənənəvi şənlik içkisi kimi tanınır.

Milli.Az xəbər verir ki, qış axşamlarında mətbəxi bürüyən vanil və darçın qoxusunu təsəvvür edin: yavaş-yavaş isinən süd yumurta sarısı ilə birləşir və ortaya həm ləzzətli, həm də doyurucu bir içki çıxır. Şirin içki sevənlər üçün eggnog ev şəraitində asanlıqla hazırlanan, alkoqolsuz variantı ilə də rahatlıqla süfrəyə verilə bilən xüsusi reseptdir.

Eggnog üçün lazım olan ərzaqlar

2 stəkan süd

5 ədəd yumurta sarısı

200 ml qaymaq

1 stəkandan 2 barmaq az şəkər tozu

½ çay qaşığı vanil ekstraktı

½ çay qaşığı darçın

½ çay qaşığı rəndələnmiş muskat (hindistan cevizi)

2 ədəd mixək

Hazırlanma qaydası

Orta ölçülü qazana süd, vanil ekstraktı, darçın və mixəyi əlavə edin. Qarışığı zəif odda, qaynatmadan, təxminən 5 dəqiqə qarışdıraraq isidin.

Ayrı qabda yumurta sarılarını şəkərlə birlikdə yaxşıca çalın. İsinmiş südlü qarışımdan bir kepçə götürüb yumurtalı qarışıma yavaş-yavaş əlavə edin və davamlı qarışdırın. Daha sonra bu qarışığı qzandakısüdə tədricən qatın.

Zəif odda, qətiyyən qaynatmadan, təxminən 3 dəqiqə qarışdıraraq bişirin. Ocaqdan götürüb otaq temperaturunda 1 saat dincə qoyun. Ardınca qaymaq və rəndələnmiş muskat əlavə edib qarışdırın.

Qarışığı qapalı qabda təxminən 24 saat soyuducuda saxlayın. Daha sonra kiçik stəkanlara paylayın. İstəyə görə bir neçə buz parçası əlavə etmək olar. Üzərini darçın çubuğu ilə bəzəyərək servis edin.

Vacib məqam

Eggnog hazırlayarkən ən önəmli qayda qarışığı qaynatmamaqdır. Zəif odda və davamlı qarışdıraraq bişirmək lazımdır.

Servis tövsiyəsi

Eggnogu kiçik şüşə stəkanlarda təqdim edə bilərsiniz. Üzərinə rəndələnmiş muskat, darçın çubuğu və ya mixək əlavə etmək içkinin ətirini daha da artırır.

Eggnogun mənşəyi Avropaya gedib çıxır. Orta əsrlərdə İngiltərədə hazırlanan südlü-yumurtalı içkilərdən ilhamlanaraq Amerikada bu günkü formasını alıb.

Eggnog həm isti, həm də soyuq şəkildə servis edilə bilər.

Alkoqollu variantına rom, brendi və ya viski əlavə olunur.

Alkoqolsuz eggnog isə daha yüngül içki sevənlər üçün idealdır.

Ən çox Milad və Yeni il günlərində istehlak olunur.

Lalə Qüdrətova
Milli.Az