Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib

19 Dekabr 2025 20:06

19 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildiirlib ki, Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.

İclas zamanı, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. 8 avqustdan sonra qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.

Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində razılaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalanıb.

Milli.Az