Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı düşüb.
Milli.Az xəbər verir ki, Türkiyə bürosunun məlumatına görə, hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb edilib.
Ankarada F-16 qırıcıları tərəfindən bir pilotsuz uçuş aparatının (PUA) vurulmasından sonra Kocaeli vilayətinin İzmit rayonunda naməlum başqa bir dron qəzaya uğrayıb.
Hadisə İzmitin Çubuklubala məhəlləsində qeydə alınıb. Tarlada işləyən bir vətəndaş ağaclara ilişərək yerə düşən dronu görərək dərhal səlahiyyətli qurumlara məlumat verib. Əraziyə gələn təhlükəsizlik qüvvələri hadisə yerində araşdırmalara başlayıblar.
Araşdırma zamanı dronun qanad uzunluğunun təxminən 2,5 metr, uzunluğunun isə 1,5 metr olduğu müəyyən edilib. Məlumata görə, pilotsuz uçuş aparatının kamerası hələ də işlək vəziyyətdədir. Bundan əlavə, dronun qanad və quyruq hissəsində qırmızı ulduz formalı işarələr müşahidə olunub.
Səlahiyyətli qurumlar bildiriblər ki, dronun mənşəyi və qəza səbəbi aparılacaq texniki ekspertizadan sonra dəqiqləşdiriləcək. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Fidan
Milli.Az