Aylarla xəstəyə baxmayan həkimlər aşkarlandı - TƏBİB-dən XƏBƏRDARLIQ

19 Dekabr 2025 16:30

"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini aparırıq. Bəli, həkimlərimizin arasında xəstələrlə ünsiyyət qurmayan, hətta monitorinq dövründə bir ay ərzində heç bir xəstəyə baxmayan həkimlər də aşkarlanıb".

Milli.Az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Qeyd edib ki, bu həmin həkimlərin bilik səviyyəsinin və ya ünsiyyət bacarıqlarının yetərli olmadığını, eləcə də tanınmadığını göstərir.

"Bu səbəbdən optimallaşma layihələri çərçivəsində hansı ki, son vaxtlar stomatoloqlarla bağlı həyata keçirilən tədbirlər buna nümunədir, həmin həkimlərlə bağlı müvafiq addımlar nəzərdə tutulub. Onlara bir ildən artıq müddət əvvəl xəbərdarlıq edilmişdi ki, fəaliyyətlərini düzgün tənzimləsinlər və vətəndaşlara keyfiyyətli xidmət göstərsinlər ki, müraciətlərin sayı artsın.

Lakin bir il- il yarım davam edən nəzarətin nəticələri göstərdi ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur və hələ də ay ərzində bir nəfər belə xəstəyə baxmayan həkimlər mövcuddur. Buna görə də bu hallarla bağlı konkret tədbirlərin görülməsi nəzərdə tutulur və müvafiq addımlar atılacaq".

Mina Mikayılova
Milli.Az