TƏBİB rəsmisi “e-tabib”dəki şübhəli diaqnozlarla bağlı danışdı

19 Dekabr 2025 14:23

Son günlər vətəndaşlar xəstəxanaya getmədikləri halda "e-tabib"sistemində və ümumi xəstəxana sistemində adlarına hər hansı diaqnoz olduğunu görürlər. Və bəziləri bunu korrupsiya ilə əlaqələndirir. 

Məsələ ilə bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov keçirilən brifinqdə Milli.Az-ın sorğusuna cavab verib.

Qeyd edib ki, belə hallar əvvəlki dövrlərdə də aşkarlanıb və məsələ daim nəzarətdə saxlanılır. 

Onun sözlərinə görə, zaman-zaman bu cür halların baş verməsi mümkündür ki, bu da bəzi həkimlərin və ya orta tibb işçilərinin qaydalara riayət etməməsi ilə bağlı ola bilər. 

"Bu ola bilər ki, həkimlərimizin və ya orta tibb işçilərimizin bəzilərinin özlərini çox ağıllı hesab etməsinin nəticəsidir ki, belə hallar olur. Lakin aidiyyəti qurumlar tərəfindən bu halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür, pozuntular aşkarlandıqda isə həm həkimlər, həm də orta tibb işçiləri barəsində qanunvericiliyə uyğun tədbirlər tətbiq edilir. Proses hazırda da nəzarət altındadır".

Mina Mikayılova
Milli.Az