"Uşaq ölümlərinin sayı 30 faiz azalıb"
Milli.Az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Qeyd edib ki, 2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümü sayı 22 olub:
"Sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib".
Nəzərə çatdırıb ki, 22 ana ölümündən 16-sı hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 6-sı isə ekstragenital səbəblərdən baş verib.
Əlavə edib ki, uşaq ölümlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalaraq 2025-ci ildə 751 olub:
"Uşaq ölümlərinin əsas səbəbləri neonatal dövrdə perinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damar pozğunluqları, hamiləlik müddəti və dölün böyüməsi ilə bağlı pozğunluqlar, daha yuxarı yaş qruplarında isə qrip və pnevmoniyalar, bağırsaq infeksiyaları, tənəffüs yolları xəstəlikləri, travmalar, termik və kimyəvi yanıqlar, eləcə də virus mənşəli ağırlaşmalar olub".
Mina Mikayılova
Milli.Az