Prodüser və aparıcı Tarix Əliyev (Tolik) aparıcısı olduğu verilişdə sərt və qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, Tolik açıqlamasında konkret ad çəkməsə də, bir müddət əvvəl bacısını itirən müğənni Ülkər Yaşarqızına ünvanlandığı iddia edilən fikirlər səsləndirib.
O, efirdə bəzi sənətçilərin yas mövzusunda qeyri-səmimi davrandığını bildirib.
Aparıcı deyib ki, yaxınını itirən şəxslərin qırxı çıxmamış efirə çıxıb süni göz yaşları tökməsi, axşam isə əyləncə proqramlarında iştirak etməsi yolverilməzdir. Tolik bu cür davranışları kəskin tənqid edərək, ailə və mənəvi dəyərlərə hörmətsizlik kimi qiymətləndirib.
Tarix Əliyev çıxışında bəzi şəxslərin efir xatirinə öz şəxsi həyatlarını, ailə münasibətlərini, hətta namus və qeyrət anlayışlarını belə müzakirə mövzusuna çevirdiklərini vurğulayıb:
"Mən öləndən sonra qəbrimin üstünə gəlib veriliş çəkməyin. Mənim qızım, bacım gəlib efirə çıxıb ağlamayacaqlar. Ölünüzün 40-ı çıxmayıb, yalandan verilişlərdə ağlayırsınız. Axşam şou-proqrama gedib oynayırsınız. 100 manat görə oynayırsınız, ana-bacı qədrini bilməyənlər. Bəsdirin, verilişdə oyun oynadınız. Bir gün efir üçün mənəviyyatınızı satacaqsınız. Ölünüzə-dirinizə, atanıza, qardaşlarınıza, nəsildəki kişilərə hörmət qoymursunuz. Ərinizdən, gəzdiyinizdən, oturub-durduğunuzdan hamısından efirdə danışırsınız, sonra gəlib yanımda oturub namus-qeyrətdən danışırsınız".
Qalmaqallı açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.
Musa
Milli.Az