İqtisadi elmlər üzrə fəlsəfə doktoru Kənan Məmmədov və Zivər Zeynalovanın müəllifi olduğu "Qlobal İstehsalat Şəbəkələrində Logistika və Maliyyə Xidmətləri" adlı kitabın təqdimat mərasimi keçirilib.
Mərasimdə tanınmış ictimaiyyət xadimləri, elm adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Müəllif Kənan Məmmədov təqdimat mərasimində çıxışı zamanı bildirib ki, müasir dünyada iqtisadiyyat artıq ayrı-ayrı sahələrin mexaniki cəmi deyil, istehsal, logistika və maliyyə bir-birinə sıx bağlı, vahid və qarşılıqlı asılı bir sistem kimi fəaliyyət göstərir. Hazırda dünyada bir məhsulun istehsalı artıq tək bir zavodun və ya tək bir ölkənin sərhədləri daxilində baş verən sadə və xətti proses deyil. Əksinə, müasir iqtisadi reallıqda istehsal qlobal miqyasda bir-biri ilə sıx əlaqəli mərhələlərdən ibarət mürəkkəb bir sistemə çevrilib. Təbii ki, bu qədər çoxsaylı mərhələnin və geniş coğrafi məkanın vahid bir istehsal prosesi çərçivəsində əlaqələndirilməsi təsadüfi şəkildə baş vermir. Bu mürəkkəb zəncirin fasiləsiz və səmərəli işləməsi yalnız güclü logistika sistemləri və düzgün qurulmuş maliyyə mexanizmləri hesabına mümkün olur.
Logistika məhsulun xammaldan son istehlakçıya qədər keçdiyi bütün yolu planlaşdırır, daşınmanın vaxtında, təhlükəsiz və optimal şəkildə həyata keçirilməsini təmin edir. Maliyyə xidmətləri isə bu prosesin arxa planında dayanaraq istehsalın və ticarətin maliyyələşdirilməsini, risklərin bölüşdürülməsini və ödənişlərin vaxtında icrasını mümkün edir.
Nəticə etibarilə istehsal yalnız fiziki əməliyyatlar toplusu deyil, eyni zamanda koordinasiya, planlaşdırma və strateji idarəetmə tələb edən qlobal bir sistemə çevrilir. Məhz bu reallıqları nəzərə alaraq, təqdim olunan kitabın əsas məqsədi qlobal istehsalat şəbəkələrinin mahiyyətini oxucuya aydın, ardıcıl və sistemli şəkildə çatdırmaqdır.
Təqdimat mərasimində çıxış edən natiqlər diqqətə çatdırıb ki, dərs vəsiti oxuculara qlobal istehsalat şəbəkələrində logistika və maliyyə xidmətləri haqqında zəruri məlumatları çatdıraraq onların gələcək fəaliyyətlərində uğur qazanmasına kömək edəcək. Bu kitabın məqsədi tələbələr, tədqiqatçılar, menecerlər və qlobal istehsalat şəbəkələrində çalışan mütəxssislər üçün dəyərli bir mənbəyə çevriləcək.
Qeyd olunub ki, "Qlobal istehsalat şəbəkələrində logistika və maliyyə xidmətləri" kitabı müasir iqtisadi düşüncəyə verilmiş sanballı və dəyərli töhfədir. Bu nəşr oxucuya yalnız "nə baş verir" sualına cavab verməklə kifayətlənmir, eyni zamanda iqtisadi proseslərin arxasında dayanan səbəbləri və mexanizmləri açaraq "niyə və necə baş verir" suallarını da aydın şəkildə cavablandırır.
Təqdimat məraismində məlumat verilib ki, kitabın müəllifi Kənan Məmmədov uzun illər ərzində gömrük, logistika və ticarətin asanlaşdırılması sahəsində çalışaraq bu sahələrin həm institusional, həm də əməliyyat tərəflərini dərindən mənimsəmiş mütəxəssisdir. Onun 20 ildən artıq müddətdə dövlət gömrük orqanlarında rəhbər vəzifələrdə çalışması, beynəlxalq ticarət axınlarının təşkili, gömrük prosedurlarının idarə olunması və logistika proseslərinin koordinasiyası ilə birbaşa məşğul olması bu kitabın praktiki mahiyyətini daha da gücləndirir.
Hazırda isə logistika, təchizat zəncirinin optimallaşdırılması və strateji planlama sahəsində fəaliyyəti müəllifin qlobal istehsalat və ticarət proseslərini yalnız nəzəri müstəvidə deyil, real biznes və idarəetmə praktikası çərçivəsində də qiymətləndirdiyini göstərir. Məhz bu təcrübə kitabın yalnız akademik vəsait deyil, eyni zamanda praktik qərarvermə üçün etibarlı istinad mənbəyi olmasını təmin edir.
Milli.Az