Son vaxtlar bir çox kafe və restoranlarda hesab təqdim edilərkən məbləğin üzərinə Əlavə Dəyər Vergisi (ƏDV) əlavə olunur, lakin fiskal çek vurulduqda sistemdə həmin obyektin ƏDV ödəyicisi olmadığı görünür.
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən hüquqşünas Araz Nurməmmədov bildirib ki, bir müəssisənin ƏDV ödəyicisi hesab olunması üçün son 12 ay üzrə dövriyyəsi 200 min manatı aşmalıdır.
A.Nurməmmədov qeyd edib ki, Əlavə Dəyər Vergisinin hesablanması yalnız həmin şirkət, yəni kafe və ya restoran rəsmi şəkildə ƏDV ödəyicisi olduqda mümkündür. Yalnız bu halda çekdə ƏDV göstərilə və qanuni əsasla qaytarıla bilər. Onun sözləronə görə. bəzən çeklərdə "xidmət haqqı" da qeyd olunur. Hüquqşünas izah edib ki, xidmət haqqı ilə ƏDV eyni anlayış deyil. Xidmət haqqı restoranın daxili siyasətinə əsasən tətbiq olunur, ƏDV isə dövlət tərəfindən müəyyən edilmiş Əlavə Dəyər Vergisidir:
"Bəzi hallarda çeklərdə həm ƏDV, həm də xidmət haqqı eyni vaxtda göstərilir. Lakin müəssisə ƏDV ödəyicisi olmadığı halda hesabda ƏDV tutulması qanunsuzdur. Bu, vergidən yayınma və müəssisənin əsassız varlanması ilə nəticələnir ki, nəticədə həm müştəri məmnuniyyəti, həm də müştərinin büdcəsi zərər görür".
Belə halların baş verməsi səbəblərindən danışan A.Nurməmmədov vurğulayıb ki, əsas səbəblər sırasında müştəridən ƏDV məbləğinin alınmasına baxmayaraq, bunun dövlətə bəyan edilməməsi və ya süni qiymət artımına yol verilməsi göstərilə bilər:
"Məsələn, 200 manatlıq hesabın üzərinə 18 faiz ƏDV və ya əlavə olaraq 10 faiz xidmət haqqının tətbiq edilməsi kifayət qədər yüksək məbləğ yaradır".
Nəzərə çatdırıb ki, bu kimi hallarla qarşılaşan vətəndaşlar 195 Çağrı Mərkəzinə və ya Dövlət Vergi Xidmətinə müraciət edərək şikayətlərini bildirə bilərlər: Əlavə edib ki, Əlavə Dəyər Vergisinin hesablanması və ödənilməsi qaydaları Vergi Məcəlləsi ilə tənzimlənir və bu sahədə baş verən hər hansı uyğunsuzluq qanunvericiliyin tələblərinə ziddir:
"Bundan əlavə, istehlakçılar Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərlər. Çünki müəssisənin ƏDV ödəyicisi olmadığı halda çekdə əlavə ƏDV-nin göstərilməsi istehlakçı hüquqlarının pozulması hesab olunur və tamamilə qanunsuzdur".
Mina Mikayılova
Milli.Az