Saxta müxalifətin ifşası: Gültəkin Hacıbəyli işi

19 Dekabr 2025 09:48

Son dövrlər Gültəkin Hacıbəyli ətrafında baş verənlər Azərbaycan cəmiyyətinə illərdir pərdə arxasında gizlədilən bir həqiqəti açıq şəkildə nümayiş etdirdi: özünü "təqib olunan müxalifətçi" kimi təqdim edənlərin bir qismi əslində kimlərinsə yetişdirdiyi, idarə etdiyi və lazım olan anda fərqli rollara saldığı fiqurlardır. Onun Türkiyədən Azərbaycana ekstradisiya olunması bir daha sübut etdi ki, siyasi maska, xaricdə yaşamaq və pafoslu bəyanatlar məsuliyyətdən yayınmaq üçün yetərli deyil.

Bu hadisə təkcə bir şəxsin hüquqi taleyi deyil. Bu, uzun illər Azərbaycan siyasi mühitində qurulmuş saxta müxalifət mexanizminin, manipulyativ siyasi texnologiyaların və ictimai rəyin aldatmağa hesablanmış ssenarilərin ifşasıdır. Gültəkin Hacıbəyli nümunəsi göstərir ki, bəzi "radikal müxalifətçilər" əslində elə həmin sistemin içində formalaşıb və oradan yönləndirilib.

Onun siyasi keçmişi bu reallığı tam aydınlığı ilə ortaya qoyur. Gültəkin Hacıbəyli uzun illər Ramiz Mehdiyevin yaxın ətrafında yer alıb və bu sistemin maraqlarına xidmət edib. Həmin dövrdə nə prinsip, nə də ideoloji mübarizə var idi, əsas məqsəd hakimiyyət daxilində proseslərin nəzarətdə saxlanılması və lazımi istiqamətdə manipulyasiya olunması idi. O, bu mexanizmin tərkib hissəsi kimi çıxış edib.

Daha sonra isə "möcüzəvi şəkildə" radikal müxalifət düşərgəsində peyda olub. Cəmil Həsənli kimi fiqurlarla eyni cəbhədə görünməsi təsadüf deyil. Bu keçid nə siyasi ayılma, nə də "dəyərlərə" dönüş id, bu, sadəcə rol dəyişikliyi idi. Sistem daxilində xidmətini başa vuran fiqur, yeni mərhələdə "müxalifətçi" maskası altında yenidən dövriyyəyə buraxılıb.

Bu xidmətlər isə qarşılıqsız qalmayıb. Ramiz Mehdiyev tərəfindən Gültəkin Hacıbəyliyə külli miqdarda pul vəsaiti verilib, Bakıda iki mənzillə təmin olunub, Goranboy rayonunda torpaq sahələri və karyer ayrılıb, eyni zamanda biznes fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu faktlar fonunda onun sonradan "prinsipial", "xalqın səsini müdafiə edən" müxalifətçi obrazı ilə çıxış etməsi açıq-aşkar siyasi riyakarlıqdır.

Gültəkin Hacıbəylinin müxtəlif dövrlərdə tam zidd mövqelərdən çıxış etməsi də təsadüfi deyil. Dünən təriflədiklərini bu gün söyməsi, dünən söydüklərini sabah müdafiə etməsi onun siyasi xəttinin ideoloji əsaslara deyil, şəxsi maraqlara və verilən tapşırıqlara söykəndiyini göstərir. "Demokratiya", "azadlıq", "xalq naminə mübarizə" kimi şüarlar bu kontekstdə sadəcə örtük rolunu oynayıb.

Türkiyədən ekstradisiya prosesi isə bu siyasi oyunların sonunun gəldiyini göstərən açıq siqnaldır. Xaricə qaçmaqla, özünü "siyasi qurban" kimi təqdim etməklə hüquqi məsuliyyətdən yayınmaq artıq mümkün deyil. Beynəlxalq hüquq da saxta siyasi mifləri deyil, konkret faktları və ittihamları əsas götürür. Bu proses oxşar ssenarilərlə hərəkət edən digərləri üçün də ciddi xəbərdarlıq olmalıdır.

Gültəkin Hacıbəyli məsələsi eyni zamanda Azərbaycan müxalifətinin müəyyən hissəsinin niyə cəmiyyət tərəfindən etibarsız hesab edildiyini də açıq şəkildə izah edir. İllərdir sistemdən qidalanan, həmin sistemdən maddi və siyasi dividendlər götürən şəxslərin sonradan "radikal müxalifət" adı altında ortaya çıxması cəmiyyət üçün artıq inandırıcı deyil. Bu cür fiqurlar real müxalifəti də nüfuzdan salıb.

Nəticə etibarilə, Gültəkin Hacıbəyli ilə bağlı baş verənlər təkcə bir nəfərin məsuliyyəti deyil, bu, saxta rolların, gizli razılaşmaların və illərlə qurulmuş siyasi manipulyasiyanın iflasıdır. Türkiyədən ekstradisiya faktı isə bir həqiqəti qəti şəkildə ortaya qoyur: siyasi maskalar dəyişə bilər, amma məsuliyyətdən qaçmaq mümkün deyil. Gec-tez hər kəs oynadığı rola və gördüyü işlərə görə cavab verməli olur.

Mehman Əsədov
Milli.Az