Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışladı

18 Dekabr 2025 14:41

Azərbaycanda istehsal olunan neft məhsullarının ilk partiyası Ermənistana yola salınıb.

Milli.Az-ın xarici mediaya istinadən yaydığı xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında məlumat verib.

Paşinyan bildirib ki, Azərbaycan mənşəli neft məhsulları ilə yüklənmiş ilk dəmir yolu qatarı artıq Ermənistan istiqamətində hərəkətə başlayıb. O, bu addımı müsbət hal kimi dəyərləndirib.

Baş nazirin sözlərinə əsasən, ticarət əməliyyatı özəl şirkətlər arasında həyata keçirilsə də, bu proses üçün lazımi siyasi mühit Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması nəticəsində formalaşıb. O əlavə edib ki, siyasi səviyyədə də müəyyən razılaşmalar mövcuddur və ilk kommersiya razılaşması artıq icra mərhələsinə keçib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Ermənistan istiqamətində yük daşımaları ilə bağlı mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırıldığını xüsusi olaraq qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, işğal dövründən sonra tətbiq edilən tranzit məhdudiyyətlərinin ləğvi nəticəsində ilk yük daşınması Qazaxıstandan Ermənistana göndərilən taxıl olub və bu fakt Azərbaycanla Ermənistan arasında sülhün real və praktik xarakter daşıdığını nümayiş etdirir.

Milli.Az