6 ay boyunca təkcə toyuq filesi və gül kələmi yeyən qadın pankreatit olub.
Milli.Az xəbər verir ki, Çində 25 yaşlı qadın uzun müddət pəhriz saxladıqdan sonra kəskin pankreatit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə barədə "Oddity Central" yazıb.
Məlumata görə, qadın təxminən 6 ay ərzində yalnız qaynadılmış toyuq filesi və tərəvəzlər, əsasən də gül kələmi ilə qidalanıb. O, demək olar ki, bütün yağları rasionundan çıxarıb. Ara-sıra az miqdarda qaynadılmış kartof yeyib.
Qadın arıqlama prosesini sosial şəbəkələrdə paylaşıb və izləyiciləri onu "özünənəzarət tanrıçası" adlandırıb. Çəki itkisinə baxmayaraq, onda zamanla güclü yorğunluq, halsızlıq və dəri vəziyyətinin pisləşməsi müşahidə olunub. O, bu əlamətləri ciddiyə almayıb.
Daha sonra qadın şiddətli qarın ağrıları və spazmlar səbəbilə təcili xəstəxanaya çatdırılıb. Müayinələr zamanı qanındakı amilaza səviyyəsinin normadan 10 dəfə yüksək olduğu aşkarlanıb. Bu da mədəaltı vəzin iltihabına və kəskin pankreatitə səbəb olub.
Həkimlərin fikrincə, xəstəliyin əsas səbəbi uzunmüddətli, yağsız və balanssız pəhriz olub. Mütəxəssislər bildiriblər ki, arıqlama kalorinin ölçülü azaldılması və balanslı qidalanma hesabına aparılmalıdır. Hətta "faydalı" sayılan məhsullara əsaslanan ekstremal və tək-tərəfli pəhrizlər belə sağlamlıq üçün ciddi risk yarada bilər.
İsmayıl
Milli.Az