Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində parlaq və yaddaqalan konsert proqramı baş tutdu - FOTO

18 Dekabr 2025 14:26

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində parlaq və yaddaqalan konsert proqramı baş tutdu. Tədbir Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı yaradıcılıq əməkdaşlığının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Konsert proqramı Özbəkistan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olundu. Kollektivin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının "Dostluq" ordeninin sahibi, Özbəkistan Respublikasının Xalq artisti Kamoliddin Urinbayev gecəni yüksək peşəkarlıq və incə zövqlə idarə etdi.

Konsert orkestrin ifasında özbək bəstəkarı Mirsadık Tacıyevin "Bayram uvertürası" ilə açıldı. Əsərin bayram ovqatı və dinamik musiqi dili zalda xüsusi əhval-ruhiyyə yaradaraq dinləyiciləri ilk dəqiqələrdən öz təsiri altına aldı.

Proqramın növbəti hissəsində Əməkdar artist Sahib Paşazadənin (tar) iştirakı ilə H.Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli Konsertinin II və III hissələri səsləndi. Solist və orkestrin vəhdətdə, yüksək texniki ustalıq və emosional dolğunluqla təqdim etdiyi ifa dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Daha sonra Xalq artisti solist Yeganə Axundovanın (piano) iştirakı ilə F.Əmirov və E.Nəzirovanın piano və orkestr üçün "Ərəb mövzularına Konsert"inin Final hissəsi dinləyicilərə təqdim olundu. Əsərin koloriti, melodik zənginliyi və virtuoz piano partiyası gecəyə xüsusi rəng qatdı.

Konsert proqramı dünya simfonik musiqi incilərindən biri - N.Rimski-Korsakovun "Şəhrizad" simfonik süitası, op.35 (dörd hissədə) ilə yekunlaşdı. Şərq nağıllarının poetik obrazlarını canlandıran bu möhtəşəm əsər orkestrin dəqiq, şəffaf, eyni zamanda virtuoz və zəngin tembrli ifasında səsləndi.
Qeyd etmək lazımdır ki, gecə boyu orkestrin yüksək peşəkarlıq səviyyəsi, intonasiya dəqiqliyi və bədii bütövlüyü musiqisevərlərdə dərin təəssürat yaratdı. Konsert Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə və gələcək yaradıcılıq əməkdaşlığı üçün möhkəm zəmin formalaşdırdı.

Milli.Az