Bakı şəhərində, Crescent Mall ticarət mərkəzində, Ambassadors Cultural Club layihəsi çərçivəsində Çexiyanın Azərbaycandakı Səfirliyinin və Arts Council Azerbaijan QHT-nin birgə təşkilatçılığı ilə "Çexiya azərbaycanlı rəssamların gözü ilə" adlı yaradıcılıq vorkşop keçirilib.
Tədbir açıq canlı şou formatında baş tutub. Qonaqlar rəssamların yaradıcılıq prosesini canlı şəkildə izləmək, onlarla ünsiyyət qurmaq və suallarını birbaşa ünvanlamaq imkanı əldə ediblər. Bu format vorkşopun geniş ictimaiyyət üçün maraqlı və əlçatan olmasını təmin edib.
Vorkşopda diplomatik nümayəndəliklərin təmsilçiləri, eləcə də media nümayəndələri və tanınmış ictimai şəxslər iştirak ediblər. Qonaqlar nümayiş etdirilən bədii əsərlərlə yaxından tanış olublar.
Ekspozisiyada rəssamlar - Leylifər Museyibova, Nigar Müslimova, Oksana Kazımova, Asmer Asadi, Leyla Orucova, Eldar Babazadə, Nailə Məhərrəmova, Röya Həsən, Aydan Məmmədli, Təranə Əliyeva, Raul Sadıqov, Sevinc Əhməd və Ülviyyə Xeyrullazadənin əsərləri təqdim olunub.
Tədbirin açılışında çıxış edən Çexiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Milan Sedlaçik vorkşopun təşkilatçılıq səviyyəsindən məmnunluğunu ifadə edib, iştirakçı rəssamların yüksək peşəkarlığını və ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Səfir layihəyə göstərilən tərəfdaşlıq və dəstəyə görə layihə rəhbəri Dadaş Məmmədova təşəkkürünü bildirib, həmçinin rəssamları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Layihə rəhbəri, mədəniyyət xadimi Dadaş Məmmədov isə öz növbəsində Çexiyanın Azərbaycandakı Səfirliyinə əməkdaşlıq və dəstəyə görə minnətdarlığını ifadə edərək, bu cür təşəbbüslərin əsas məqsədi incəsənətə marağını artırmaq və azərbaycanlı rəssamların yaradıcılığını geniş auditoriyaya çatdırmaq olduğunu bildirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az