Ağrıkəsicilərin nəzarətsiz qəbulu təhlükəlidir - Həkimdən xəbərdarlıq

17 Dekabr 2025 15:40

"Ağrıkəsici preparatların uzunmüddətli və nəzarətsiz istifadəsi müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər".

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.

Onun sözlərinə görə, bu preparatlar əsasən simptomatik təsir göstərir və ağrının əsas səbəbini aradan qaldırmır:

"Qeyri-steroid iltihabəleyhinə dərmanların tez-tez qəbulu mədə və onikibarmaq bağırsaqda qastrit, xora və qanaxma riskini artırır. Eyni zamanda, bu preparatlar böyrək perfuziyasını azaldaraq xroniki böyrək Çatışmazlığının inkişafına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar fəsadlarına səbəb ola bilər". 

V.Məmmədova bildirib ki, dərman dozasının aşılması və uzunmüddətli istifadəsi qaraciyərdə toksik zədələnməyə, ağır hallarda isə kəskin qaraciyər çatışmazlığına gətirib çıxara bilər:

"Mədəyə qıcıqlandırıcı təsir göstərir. Əgər xora varsa, qanama riski yaradır, qaraciyər və böyrək funksiyalarına neqativ təsir göstərir. Opioid tərkibli ağrıkəsicilər asılılıq, tənəffüsün ləngiməsi və psixoloji problemlər riski daşıyır".

Bundan əlavə bildirib ki, ağrıkəsicilərin tez-tez istifadəsi dərman mənşəli baş ağrısı sindromunun inkişafına səbəb ola bilər:

"Davamlı və ya təkrarlanan ağrılar zamanı mütləq şəkildə etioloji səbəb araşdırılmalı, müalicə həkim tərəfindən fərdi qaydada planlaşdırılmalıdır".

Mina Mikayılova
Milli.Az