Azərbaycandakı qəbr daşları ilə bağlı ilginc FAKT: "Heç bir müsəlman ölkəsində yoxdur, dinsizliyin əlamətidir"

17 Dekabr 2025 15:46

Azərbaycanda qəbir daşlarının şəkilli və bahalı formada hazırlanması ilə bağlı son illər cəmiyyətdə müzakirələr səngimir.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, ölkəmizdə qəbir daşlarına şəkil vurmaq adəti Sovet vaxtı keçib və heç bir müsəlman ölkəsində bu ənənə yoxdur:

"Bu, dinsizliyin əlamətidir. Yəni, adamlar axirətə inanmır, yalnız bu dünyada xatirəsini əbədi saxlamaq üçün belə işlər görürlər. Burada həm də şöhrətbazlıq, bəhsə girmək, sosial status nümayiş etdirmək meyli var ki, bunların hamısı günahdır. Türkiyədə və digər müsəlman ölkələrində, ərəb ölkələrində də belə qayda yoxdur".

Tural İrfan qeyd edib ki, qəbiristanlıq şöhrət meydanı deyil, ibrət yeridir:

"Qəbristanlıq insanın faniliyini xatırladan məkandır. Qəbirləri bəzəmək, məzarlıqları movzoleyə çevirmək həm dinimizə, həm də milli məfkurəmizə ziddir. Məzar sadə olmalı, yalnız itməməsi üçün adi bir nişangah qoyulmalıdır. Müsəlman axirətə və dirilişə inandığı üçün bu dünyada qəbrini dəbdəbəli etməz".

İlahiyyatçı hazırda bəzi məmurların və imkanlı şəxslərin qəbiristanlıqlarda böyük ərazilər zəbt etdiyini, bahalı mərmər və abidələr ucaltdığını bildirib və bunu da tənqid edib:

"Haram pullardan məzarlıqlarda böyük ərazilər zəbt edib böyük və bahalı mərmərlər, qiymətli abidələr qoyurlar. Bunun da qarşısı alınmır. Kasıb da ölüsünü dəfn etməyə bəzən yer tapa bilmir. Harın və talançı xarakterli şəxslər o dünyada da kasıbın yerini dar edirlər. Bu, vəhşi mağara təfəkkürü, qəbilə ənənəsidir".

Tural İrfan bu məsələdə din xadimlərinin də məsuliyyət daşıdığını bildirib:

"Mirzə Cəlilin vaxtından minbərlərdən fars nağılları danışdılar, sünni-şiə mübahisələrinə girişdilər, xurafata və mövhumata mürtəkib oldular. Belə məsələlərdən əhalini ilk növbədə din xadimləri çəkindirməlidir. Qəbir daşları vasitəsi ilə sosial statusun, maddi imkanın, vəzifəsinin nümayiş etdirilməsi doğru deyil. İslam barəbərliyi, ədaləti tərənnüm edir. Qəbrə şəkil vurmaq, müasir avadanlıqlarla təchiz etmək, bahalı və dəbdəbəli imarətlər tikmək həm dinimizə həm də milli ənənələrimizə ziddir".

İlahiyyatçı hesab edir ki, bunun ləğvi üçün gərək dövlətin aidiyyəti qurumları qanun qəbul etsin. Əks halda qəbiristanlıqlardakı israf və özbaşınalıq böyük fəsadlar yaradacaq:

"İnsan öləndən sonra onun əməli qalır və savab üçün də yaxınları xeyriyyə işləri görməlidir, bulaq tikib yol çəkməlidir. Məzarlığa milyardları yığmaq və hədər israfçılıq vəhşilik, görməmişlik, mağara düşüncəsidir. Başqaları varlananda, savadlananda xalq üçün, bəşəriyyət üçün kəşflər edib xeyriyyə işləri görəndə nə yazıq ki, bizimkilər də qəbristanıqda şöhrət yarışına girirlər".

T.İrfan nəzərə çatdırıb ki, İslam dininə görə hündür qəbir daşları və qəbrə şəkil vurmaq bütpərəstlik əlamətidir və haramdır. Əlavə edib ki, din xadimləri də bunu əhalidən gizlətdikləri üçün bu günaha şərikdirlər:

"Bəzi mollalar maddi maraq naminə buna etiraz etmirlər.Ona görə molla da onun bahalı daş və şəkil qoymasına nəsə demir. İmanını satmayan din xadimləri isə çox azdır. Ümumiyyətlə ziyalılar, ağsaqqallar və sağlam din xadimləri bu haqda maarifləndirmə aparmalıdır, dinin hökmünü bəyan etməlidir. Standart qəbir daşları, eyni və sadə formada qəbirlər olmalıdır. Bunun  üçün də aidiyyəti dövlət qurumu qərar verib, icrası üçün də ciddi nəzarət həyata keçirməlidir".

Mina Mikayılova
Milli.Az