Pis yuxu rejimi beynin "təmizlənməsinə" mane olur və toksinlərin yığılmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə alimlər xəbərdarlıq edir.
Beyin toxumalarında yığılan toksinlərin, o cümlədən Alzheimer xəstəliyi ilə əlaqəli amiloid-betanın çıxarılmasında yuxu mühüm rol oynayır. Normal vəziyyətdə bu proses glimfatik sistem vasitəsilə baş verir. Glimfatik sistem beyin hüceyrələri arasında hərəkət edən maye ilə toksinləri "yuyur" və onları qan dövranına çıxarır. Tədqiqatlar göstərir ki, bu sistem xüsusilə dərin yuxu zamanı aktiv olur.
Yuxu pozğunluqları, məsələn, yuxu apnoesi və insomnia, bu sistemin işini zəiflədir. Belə vəziyyətlərdə toksinlər, o cümlədən amiloid-beta, beyində daha çox toplanır. Tədqiqatlar göstərir ki, yuxusuzluq və ya gecə boyu davam edən qısa yuxular beynin "təmizləmə" funksiyasını zəiflədir, yaddaş və konsentrasiya problemlərinə gətirib çıxara bilər.
Həkimlər bildirir ki, yuxu keyfiyyətini artırmaq, müntəzəm yatmaq və yuxu rejiminə diqqət etmək beyin sağlamlığı üçün vacibdir. Xroniki yuxu problemləri və yaddaşda pozğunluqlar zamanı isə həkimə müraciət etmək tövsiyə olunur.
Yuxunu yaxşılaşdırmanın birbaşa demensiyanın qarşısını ala biləcəyi hələ dədiq məlum deyil, amma sağlam yuxu beyin funksiyalarını qorumağa kömək edir və uzunmüddətli riskləri azalda bilər.
İsmayıl
Milli.Az