Kardioloq bayram günlərində ürək üçün gizli təhlükə barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, kardioloq Bindu Çebrolu bildirib ki, bayramlarda spirtli içki, çox yemək, az yatmaq və su çatışmazlığı ürək ritminin pozulmasına səbəb ola bilər. Bu risk əvvəllər ürək problemi olmayan insanlarda da yaranır.
Həkimin sözlərinə görə, bayram dövründə "bayram ürək sindromu" adlanan vəziyyət daha çox müşahidə olunur. Bu zaman ürək nizamsız döyünür. Problem adətən çox yeməkdən və spirtli içkidən 12-36 saat sonra ortaya çıxır. Əsas əlamətlər ürəkdöyünmə, sinədə narahatlıq, nəfəs darlığı və başgicəllənməsidir.
Çebrolu deyib ki, bu hal təhlükəlidir və müalicə olunmasa insult və ürək çatışmazlığına gətirib çıxara bilər. Bayramlarda riski azaltmaq üçün normal yatmaq, duzlu yeməkləri azaltmaq, kifayət qədər su içmək və spirtli içkiləri enerji içkiləri ilə birlikdə qəbul etməmək tövsiyə olunur.
Həkim xüsusilə təzyiqi və şəkərli diabeti olanlara, eləcə də ürək ritmi problemi yaşayanlara spirtli içkidən uzaq durmağı məsləhət görüb.
İsmayıl
Milli.Az