Yeni il süfrəsinin bəzəyi olan salat zəhərlənmə verə bilər - Belə saxlayın

17 Dekabr 2025 19:00

Mayonezlə hazırlanmış salatlar, xüsusilə də "Olivye" tez xarab olur və düzgün saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssis Natalya Fomenkonun sözlərinə görə, mayonez, yumurta, ət və konservləşdirilmiş tərəvəzlərdən ibarət olan bu salat soyuducuda +2...+6 dərəcə temperaturda maksimum 12 saat saxlanıla bilər. Əgər salat hələ mayonezlə qarışdırılmayıbsa, onu 18 saata qədər saxlamaq mümkündür. Otaq temperaturunda isə "Olivye"ni saxlamaq qətiyyən olmaz.

"Salatın tez xarab olmasına yalnız mayonez deyil, həm də təzə göyərti, kifayət qədər soyudulmamış məhsullar və ya köhnə ərzaqlardan istifadə təsir edir. Temperaturun tez-tez dəyişməsi də salatın keyfiyyətini aşağı salır. "Olivye"nin saxlanması üçün şüşə, keramika qablar və ya qapağı möhkəm bağlanan plastik konteynerlər daha uyğundur. Qabın ağzını qida plyonkası ilə bağlamaq havayla təması azaldır və kənar qoxuların qarşısını alır.

Riskləri azaltmaq üçün salatı az miqdarda hazırlamaq və gün ərzində yemək tövsiyə olunur. Əgər salat uzun müddət soyuducuda qalıbsa və təzəliyinə şübhə varsa, onu yeməmək daha təhlükəsizdir. Bu, xüsusilə uşaqlar və immuniteti zəif olan insanlar üçün vacibdir", - o bildirib.

İsmayıl
Milli.Az