Veyplər süd vəzi xərçəngi riskini artıra bilər.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı onkoloq və mammoloq Maqomed Sulimanov məlumat verib.
Həkimin sözlərinə görə eyplər düşündüyümüz qədər zərərsiz deyil. Onlar xüsusilə gənc qadınlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.
"Veyplərdə olan qliserin və dadlandırıcı maddələr qızdırıldıqda zərərli maddələrə çevrilir. Bu maddələr arasında formaldehid, asetaldehid və akrolein var. Onlar orqanizm üçün çox təhlükəlidir və xərçəng riskini yüksəldir.
Həkim bildirib ki, bu maddələr təkcə ağciyərlərə yox, bütün orqanizmə təsir edir. Xüsusilə süd vəziləri və yumurtalıqlar risk altındadır. Veyplər həm də qadınların hormonal və reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, elektron siqaretlər "təhlükəsiz alternativ" kimi təqdim edilsə də, araşdırmalar bunun doğru olmadığını göstərir. Veyplər hüceyrələrin DNT-sinə zərər verə və iltihabi proseslər yarada bilər.
Həkim gənc qadınlara veypdən uzaq durmağı və sağlamlıqlarına daha diqqətlə yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, süd vəziləri üçün ildə ən azı 2 dəfə USM müayinəsindən keçmək vacibdir.
Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin və onların tərkib hissələrinin idxalı, ixracı, istehsalı, saxlanılması, həm topdan, həm də pərakəndə satışı, eləcə də istifadəsi qadağan edilə bilər. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddənin əlavə olunması təklif olunur və dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilib.
İsmayıl
Milli.Az