Tanınmış kikboks üzrə məşqçi Tülin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.
Milli.Az "Qanunla.az"a istinadən xəbər verir ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində qərar qəbul edilib.
Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində seçilmiş 4 ay müddətinə həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və ev dustaqlığına buraxılmayıb.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə kikboksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli saxlanılıb.
Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli tutulublar.
Milli.Az