Tanınmış aktirisa Ülviyyə İlyasovanın qurbanı olub - "Mən həkimlərdə qalmışam, o isə həbs olunmur, rayonlarda gəzir"

16 Dekabr 2025 12:22

Tanınmış aktirisa Mila Alibəyova saxta "plastik cərrah" Ülviyyə İlyasovanın (Qurbanova) qurbanlarından biri olub.

Milli.Az-a müraciət edən aktrisa Mila Alibəyova bildirib ki, Ülviyyə İlyasova onu da əməliyyat edib.

"Mən də digər qurbanlar kimi, onun plastik cərrah olduğunu düşünürdüm, müraciət etdim və 2024-cü ilin fevralında mənə Nərimanovda yerləşən klinikada plastik prosedur etdi. Bütün problemlər də bundan sonra başladı. Bədənim irinləməyə, çirk etməyə başladı. Artıq 2 ildir ki, Ülviyyə İlyasovanın sağlamlığıma vurduğu ziyanı aradan qaldırmağa çalışıram. indiyə kimi 3 ayrı klinikalarda müalicə almışam, təkcə müalicəyə 25 min manatdan çox pul xərcləmişəm, amma hələ də bu dərd məndən əl çəkmir"

Xatırladaq ki, aparılan araşdırmalar əsasında məlum olub ki, Ülviyyə İlyasovanın plastik cərrah kimi sertifikatı olmayıb. Mediada isə daha çox eltisinin ölümünə səbəb olan şəxs kimi tanınıb. Belə ki,  eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olub.

Hətta buna görə ona hökm də oxunub. Üç il iki ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkir.  Lakin göründüyü kimi Ülviyyə İlyasovanın qurbanları bir-iki nəfər deyil.

Aktrisa Mila Alibəyova bildirir ki, mediada yayıla məlumatlardan sonra o da Ülviyyə İlyasovanın saxta plastik cərrah olduğunu öyrənib.  

"Aidiyyatı üzrə şikayət etdim, şikayətimi Yasamal rayon prokurorluğunda qeydə aldılar. Əvvəlcə cinayət məcəlləsinin 178 -ci (dələduzluq) və 314-cü (səhlənkarlıq) maddələri ilə araşdırma başlanılsa da, məhkəmədə öyrəndim ki, 178-ci maddə tərkibdən çıxarılıb və yalnız 314.2-ci maddə saxlanıldı. 

Faktiki bu adam dələduzluq edib, həkim olmaya-olmaya özünü həkim kimi təqdim edib. Məni və digərlərini aldadıb, amma niyəsə görə Ülviyyə İlyasovaya qarşı dələduzluq maddəsi ilə cinayət işi açılmır. Mən də məhkəmədə vəsatət qaldırdım ki, istintaq düzgün aparılsın və dələduzluq maddəsi də işə əlavə edilsin, mənə vurulan maddi və mənəvi ziyana görə də təzminat ödənilsin. 100 min manat mənə maddi və mənəvi ziyan vurub. Onun dələduzluğu nəticəsində mənim aylardır, şəxsi həyatım, işim, fəaliyyətim pis günə qalıb, ancaq müalicələr alıram, dərmanlar içirəm, canımla əlləşirəm".

Mila Alibəyova əlavə edir ki, üstündə bir ölüm işi və bir neçə mənim halımda olan xəstəsi olan Ülviyyə İlyasova hələ də həbs olunmayıb:

"Bu necə ola bilər ki, bu adam həbs olunmur. Onun arxasında kimlər dayanır?! Guya hazırda məntəqə tipli cəzaçəmə məntəqəsindədir, amma özü üçün gəzməklərdədir. "TikTok"da səhifə yaradıb özünə rayonlardan videolar paylaşır. Bu məni və digər zərərçəkmiş şəxsləri təhqir etməkdir. Qanunun aliliyini heçə saymaqdır. 

Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Ülviyyə İlyasovanın nəyinki tibbi təhsili, ümumiyyətlə heç bir ali təhsili olmamışdır. Ülviyyə İlyasovaya və onun şirkətinə özəl tibb faliyyəti üzrə lisenziya verilməmişdir. 

Mehman Əsədov
Milli.Az