Dünyaca məşhur müğənni Teylor Svift "The Eras Tour" çərçivəsində onunla çalışan bütün komandaya ümumilikdə 197 milyon dollar məbləğində bonus verib. Bu barədə sənətçinin turneyə həsr olunmuş "The End of an Era" adlı sənədli serialında maraqlı detallar yer alıb.
Milli.Az xəbər verir ki, sənədli filmdə Teylor Sviftin xüsusi olaraq adlandırdığı "Bonus Günü"nə necə hazırlaşdığı nümayiş etdirilib. Kadrlarda müğənninin komanda üzvləri üçün yüzlərlə təşəkkür kartını şəxsən yazdığı, hətta onları mum möhürlə bağladığı görünür.
Qremmi mükafatlı sənətçi bu günü belə izah edib: "Bonus günü mənim üçün çox önəmlidir. 'The Eras Tour'da bir ənənə yaratmaq istədim. Turne daha çox gəlir gətirirsə, yollarda çalışan insanlar da daha çox bonus almalıdır. Bu insanlar inanılmaz dərəcədə zəhmətkeşdir və öz işlərinin ən yaxşısıdırlar. Ona görə də komandadakı hər kəsə öz əlimlə məktub yazdım. Bu, bir neçə həftə çəkdi, amma çox xoş idi. Onların qayıdacaqları həyatları, aylarla görmədikləri uşaqları, dincələcəkləri vaxtı düşünmək insana ayrı bir hiss yaşadır. Sonda 'təşəkkür edirəm' demək... bu, Milad səhəri kimi hiss etdirir."
Məlumata görə, bonus alanlar arasında yük maşını sürücüləri, iaşə işçiləri, musiqi alətləri üzrə texniklər, merch komandası, işıq və səs mütəxəssisləri, istehsalat heyəti, dülgərlər, rəqqaslar, musiqiçilər, mühafizəçilər, xoreoqraflar, pirotexniklər, səhnə qurucuları, saç, makiyaj və geyim üzrə mütəxəssislər, fizioterapevtlər və video komandası yer alıb.
Sənədli filmdə Sviftin yazdığı kartlardan birinin mətni də qismən göstərilib. Məktubda belə deyilir: "Biz birlikdə dünyanı gəzdik, izdihamı valeh etdik, amma ailələrimizdən ötrü də çox darıxdıq. Minnətdarlığım pulla ölçülmür, amma bu məbləğ sadəcə təşəkkür demək üçündür. Sevgilərlə, Teylor."
Lalə Qüdrətova
Milli.Az