Kənd qaqalarının gözəgirmə üzrə yay olimpiadasına start verildi

11 İyun 2010 09:56
Qərb millətləri ilə bizim aramızdakı fərqlər barədə çox yazmışıq. Hətta əksər hallarda onları gözümüzdə ilahiləşdirərək, qeyri-adi mədəniyyətə və istedada malik insanlar kimi təqdim etmişik. "Atan soğan, anan sarımsaq, kimə oxşadın, a gülməşəkər?" deyib günbatan tərəfin camaatındakı yüksək təfəkkürə heyran olmuşuq. Amma zaman öz sözünü deyir. Təcrübə artıqca görürsən ki, yox eee qardaş, elə qərblilər də bizim tayımızdır. "Vse taki" hamımız Adəm və Həvvadan törəmişik.

Bu günlərdə ABŞ-ın Kaliforniya əyalətində keçirilən qəfəs boks turniri ərəfəsində qəribə hadisə baş verib. Yarışdan əvvəl insanın qarabasma (hallucination) görməsini təmin edən həb qəbul edən 26 yaşlı Jarrod Uayat rəqibi ilə problemini "öz aralarında" həll etmək və camaatın qarşısında hoqqa çıxarmamaq qərarına gəlib. Belə ki, "azərbaycansayağı" metoda üstünlük verən boksçu düşməni tamamilə "zərərsizləşdimək" fəndinə əl atıb. Rəqibi 21 yaşlı Taylor Paveli əvvəlcə dəhşətli şəkildə döyən Uayat ardınca bizim ən çox istifadə etdiyimiz silaha, yəni bıçağa əl atıb. Öncə rəqibinin gözlərini, sonra dilini kəsib. Daha sonra ağır yaralı Pavelin hələ canlı ikən ürəyini çıxaran Uayat onun içinə şeytan girdiyini iddia edib.

Saxlanılaraq polis idarəsinə aparılan Jarrod ilkin ifadəsində rəqibinin kəsdiyi orqanlarını odda yandırdığını bildirib. Barəsində qəsdən və xüsusi anamsızlıqla adam öldürmək cinayəti ilə məhkəmə iddiası qaldırılacaq olan boksçu qəbul etdiyi həb səbəbilə hərəkətlərinin nəzarətdə olmadığını bildirib. Məhkəmənin isə onun barəsində edam qərarı verməsi gözlənilir.

Uayat rəqibini amansızcasına qətlə yetirməsini guya özündə olmaması ilə əsaslandırır. Biz də inandıq hə? Yox bir yuxulu olub. Nəysə, bu, amerikalıların bəhanəsidir. Amma gəlin görək əslində bu Uayat düşmənə qarşı niyə qeyri-ənənəvi metod tətbiq edib. Sözügedən cinayətin əsas motivini tapmaq üçün bir neçə ehtimal üzərində dayanacağıq:

1-ci ehtimal: Uayat fırlandığı qızla şəhərdə gəzdiyi yerdə rəqibi onun qızına sataşıb;
2-ci ehtimal: Bir yerdə yeyib-içiblər, sonra kefli havasına Taylor onun nəsli-kökü barədə bir-iki kəlmə "xoşagəlməyən" ifadə səsləndirib;
3-cü ehtimal: Orta məktəbdə oxuyan zaman Taylor onun əmisi qızı ilə gəzib, sonra da almayıb;
4-cü ehtimal: Bunlar kənddə qonşudurlar və Taylor həyət-bacanı səhmana salmaq bəhanəsilə öz çəpərini iki qarış bu tərəfə itələyib;
5-ci ehtimal: Uayat boşadığı arvadı Taylor alıb və 50 qram viski vuran kimi bu məsələ birincinin yadına düşüb;
6-cı ehtimal: Qaqaşlar arasında "kişi söhbəti" olmasına baxmayaraq, öldürülən gədə öldürənə pul atıb;
7-ci ehtimal: Hadisə şəhərkənarı istirahət guşələrindən birində, küçənin ortasında baş verib.

Sadalanan ehtimallardan ilk 6-sı yəqin ki, ağlınıza batır və Uayatın bu səbəblərdən hansısa biri ucbatından rəqibini amansızcasına qətlə yetirdiyini düşünürsünüz. Lakin sonuncu ehtimalın söhbətə nə dəxli olduğunu özünüz üçün aydınlaşdıra bilmirsiniz. Tələsməyin, indi hər şeyi başa düşəcəksiniz. Bizim üzərində dayanacağımız ən tutarlı ehtimal da məhz sonuncudur.

Təsəvvür edin, yay fəsli başlayır. Şəhər camaatı dəstə-dəstə kəndlərə, istirahət zonalarına axışır. Beləliklə, ilboyu intizarla yayın gəlişini gözləyən kənd qaqalarının "ov sezonuna" start verilir. Çünki şəhərli qonaqların arasında sarı saç, göy göz, incə-mincə, uzun boylu, qısa şalvarlı, ətrindən aləm məst olan gözəl qızlar da olur! Pəh. Fürsət, nə fürsət!

Qaqalar həmin şəhərli qızların gözünə girmək üçün min cür hoqqadan çıxırlar. "Mokruşok" şalvar-köynək ütülənməkdən par-par parıldayır. Ayaqqabının üstünə sürtülən kremlə iki kəndin yoluna asfalt çəkmək olar. Yarım stəkan çayı şirin edib yaxırlar başlarına ki, külək tellərinin ucunu qımıldatmasın. Qabaqdan ayırdıqları 5-6 ədəd at qılını da yapışqan kimi yapışdırırlar gözlərinin üstünə. Şalvarın üstündən bağladıqları toqqanın üstündən sallanan 10-15 dəmir parçasının şaqqıltısı kəndin o biri başında eşidilir və o saat camaat arasında şayiə yayılır ki, "filankəsin gədəsi gəlir". Üstəlik hər biləyində yarıdəmir enli biləklik, boğazında yarım kiloluq mis tros, iki barmağında da 300 qramlıq gümüş üzük.

Amma bütün bu "gözəlliklər" bəzən gəlmə qızların sevgisini qazanmağa kifayət etmir. O zaman keçirik "Uayat variantına". Axşamüstü qızlar-gəlinlər bulaq başına yığışan vaxtı bir-iki dövrə ətrafda gəzişib özümüzə gözaltı tapırıq. Bir az irəli-geri şütüyüb həmin qızın diqqətini çəkən kimi qəfil özümüz kimi "simpatiçni" qaqalardan birinə ilişib onunla tutaşırıq. Səs-küyə bulaq başına yığışan gözəllərin hamısı boylanırlar. Gözünə girmək istədiyimiz qızın cəngavərinə çevrilmək üçün rəqibi parçalamağa başlayırıq. Yerdə palaz kimi sürünüb, bir-birimizi al-qan edirik. Xeyli vaxt keçdikdən sonra millət tökülüşüb canımızı bir-birimizin əlindən qurtarır. Elə ki, davadan cüzi qələbə ilə ayrıldın, dünya sənindi qaqa. Qanlı-qanlı özünü verirsən bulağın altına, camaatın içində qurşaqdan yuxarı soyunub başlayırsan yuyunmağa. Nə də olsa, "sevgilin" bədənindəki bıçaq şıramlarının yerini görməlidir axı...

Bu mənada amerikalı boksçular arasında yaşanmış ölüm-dirim savaşına yalnız bu tutarlı arqument səbəb ola bilər. Çünki Uayatın məhkəmədə dediyi kimi həbin təsiri nəticəsində baş versəydi, qabağındakına bir-iki şapalaq vurub "qaqa, sən paçansan, xətrinə dəymək istəmirəm" deyib göndərərdi. Yaxud bizim yuxarıda sadaladığımız ilk 6 ehtimaldan hər hansı biri olsaydı, ən pis halda, bıçaqlayar, sonra da zibilin üstünü örtmək üçün meyiti Atlantik okeanına atardı. Daha niyə millətin önündə xırda-xırda doğrayıb, ürəyini çıxarırıq? Deməli söhbət heç də bir kilo sosiskadan getmir, Nyu-Yorkdan Kaliforniyaya dincəlməyə gələn qızlardan gedir. Çox güman ki, qızlardan hansısa Uayatın ağlını başından çıxarıb və nəticədə özünü bir az sərt tanıtmalı olub.

Bu yerdə bir-iki il əvvəl qonşu kənddə yaşayan bir həmyaşıdımın başına gələn hadisə yadıma düşdü. Şahvələd adlı bu oğlan yay axşamlarından birində evlərinin qarşısında oturub şəhərli qızların bulaq üstünə çıxmasını gözləyirmiş. Bu zaman kəndin aşağısından dəstə-dəstə gələn nərmənazik xanımlar görünür. Qaqam tələsik yanına yığdığı iri hörük daşlarını yuxarı atıb sinəsi ilə vurmağa başlayır. Əvvəldən məşq etdiyi üçün "risovkalığı" normal qaydada davam edir. Qızlar bərabərinə çatan zaman Şahvələd ən iri daşı var-gücü ilə yuxarı atıb sinəsini altına verir. Eyni vaxtda qızların diqqətini çəkib-çəkmədiyini öyrənmək üçün gözünü daşdan çəkib yola baxır. Elə həmin an nahamar daşın küncü qaqanın sinə sümüyünə necə dəyirsə, oğlan özündən gedir. Sən demə sinə sümüyü sınıbmış. Ona görə də neçə ay nəinki daş, hətta bir stəkan suyu belə yerindən tərpədə bilmədi. Neynəsin, incəsənət qurban tələb edir...

Nihat Tur
Milli.Az