Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş qala gecə keçirilib - FOTO

15 Dekabr 2025 17:46

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli sənətkar, Xalq Artisti Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş qala gecə keçirilib.

Sənətkarın doğum günündə adını daşıyan Dövlət Mahnı Teatrının təşkilatçılığı ilə təşkil edilən gecədə dövlət xadimləri, ziyalılar və sənət nümayəndələri iştirak ediblər.

Konsertin rəsmi hissəsində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirova və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək Rəşid Behbudov irsinin zənginliyindən bəhs ediblər. Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış, yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan görkəmli sənətkar və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib.

Dövlət Mahnı Teatrı estrada-simfonik orkestrinin (dirijor: Ellada Məmmədova) müşayiəti ilə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Salman Qəmbərov, Əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Toğrul Əsədullayev eləcə də solistlər İlhamə Qasımova, Rövşən Qəhrəmanov, İlkin Dövlətov, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Urfan Cəfərov və Nicat Aslanov çıxış ediblər.

Gecə ərzində Rəşid Behbudovun zəngin yaradıcılıq irsini əks etdirən arxiv görüntüləri qonaqlara təqdim olunub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az