Ölümə aparan arıqlama üsulu - Ağciyər deşilə bilər

16 Dekabr 2025 04:04

Son vaxtlarda dünyada incə bel görünmək məqsədilə qabırğaların kəsilməsi kimi qeyri-adi üsullara maraq artıb və bu tendensiya tibbi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, rusiyalı cərrah Xəlil Ziyəddinov beli incəltmək məqsədilə qabırğaların çıxarılması və ya kəsilməsi əməliyyatlarının ciddi, hətta ölümcül fəsadlara səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu cür müdaxilələr ağciyərin deşilməsi və daxili orqanların zədələnməsi riskini artırır.

Ziyəddinov qeyd edib ki, müasir estetik cərrahiyyə bədən formalarının dəyişdirilməsi üçün bir neçə üsul təklif etsə də, torakoplastika zamanı qabırğaların çıxarılması daxili orqanların təbii müdafiəsini zəiflədir. Daha geniş yayılan osteotomiya üsulunda isə sınıq qabırğanın ağciyəri deşməsi ehtimalı mövcuddur.

Cərrahın sözlərinə görə, kəskin qabırğa ucları digər orqanlara və iri damarlara da zərər verə bilər. Bu isə retroperitoneal hematomların və sonradan irinli flegmonaların yaranmasına gətirib çıxarır. Nəticədə bəzi hallarda əlavə əməliyyat tələb olunur, ağır ssenaridə isə sepsis inkişaf edə bilər.

Mütəxəssis vurğulayıb ki, bərpa mərhələsindən sonra belə belin həqiqətən incələcəyinə heç bir həkim zəmanət verə bilməz. Onun sözlərinə görə, əzələlər sınıq qabırğaları yenidən əvvəlki vəziyyətinə çəkə və ya sümüklər düzgün bitişməyə bilər.

Ziyatdinov bildirib ki, həkimlər ilkin mərhələdə yalnız liposaksiyanı tövsiyə edirlər. Əksər hallarda bu üsul kifayət edir. Qabırğalarla bağlı cərrahi müdaxilələr isə adətən piylənməsi olmayan, lakin təbii bədən proporsiyalarını dəyişmək istəyən pasiyentlər tərəfindən son seçim kimi nəzərdən keçirilir.

İsmayıl
Milli.Az